Narkomaniya və erkən nikahlara yox deyək!
18 oktyabr tarixində Masallı Rayon Polis Şöbəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Masallı Dövlət Regional Kollecin tələbələri ilə maarifləndirici görüş keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə təkcə dövlətin və hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin və onun hər bir fərdinin qarşısında duran ən vacib məsələ olmasını vurğuladı.
Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı barışmaz və qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib.
Sonra digər aidiyyəti qurumların nümayəndələrinin çıxışları dinlənilib, müzakirə olunan mövzularla bağlı videoçarx izlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.