Masallı Dövlət Regional Kolleci və N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalıya qayıdırıq” ədəbi-bədii kompozisiyası nümayiş olundu.

Fevralın 25-də Masallı Dövlət Regional Kolleci və N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuz dördüncü ildönümünə həsr olunmuş “Xocalıya qayıdırıq” adlı ədəbi-bədii kompozisiya N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində nümayiş olunub.
Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tamaşadan öncə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və faciə ilə bağlı tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə çıxış ediblər.
Rəsmi hissədən sonra yaradıcı heyət səhnəyə dəvət edilib. Tanınmış jurnalist və publisist Akif Ağayevin eyniadlı dram əsəri əsasında səhnəyə qoyulmuş tamaşada Xocalı faciəsi qurbanlarının ağrılı taleyi və mənəvi iztirabları həzin bədii çalarlarla ifadə olunub. Soyqırımın həqiqətləri aktyorların və Masallı Dövlət Regional Kolleci tələbələrinin təsirli səhnə ifaları vasitəsilə tamaşaçılara çatdırılıb. Eyni zamanda, tarixi hadisələr dramatik epizodlar və emosional monoloqlarla əks etdirilib.
Cəlilabad Xalq teatrının rejissoru Ramil İbrahimov tərəfindən quruluş verilmiş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.








Mdrk.Az