Masallı rayon Mərkəzi Kitabxanasına ekskursiya təşkil edilib
Noyabrın 14-də Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin Masallı rayon Mərkəzi Kitabxanasına ekskursiya təşkil edilib.
Ekskursiya Müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həyata keçirildi.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın əməkdaşı Şəmsurə Nəsirova giriş sözü ilə çıxış edərək xalqımızın yetişdirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi formalaşması və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən söhbət açıb. Kollecin müəllimləri Rahim Sərxanlı, Aygün Yusifli və gənclər təşkilatının katibi İdrak Musayev çıxışlarında vurğulayıblar ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerşəkləşdirmiş, ölkəsini çətin durumdan xilas etmək üçün özünün siyasi məharəti və idarəçilik təcrübəsindən müvəffəqiyyətlə istifadə etmişdir.
Ekskursiyaya gələn tələbələr kitab fondu ilə tanış olub, müxtəlif məzmunda kitablara abunə yazılıblar.