Masallıda "Zəfər səlnaməsinin başlanğıcı" adlı görüş keçirilib.
Aprelin 2-də Masallı Dövlət Regional Kollecinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Masallı Gənclər evində "Zəfər səlnaməsinin başlanğıcı" adlı görüş keçirilib.
Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə iştirak edən aprel döyüşləri və vətən müharibəsi iştirakçıları Cəmaləddin Məmmədov, Nazim Cəfərov, Bəhruz Mehdiyev və İdrak Musayev öz döyüş yollarını, tarixi zəfərlərimizlə bağlı keçirdikləri hissləri gənclərlə bölüşüb, eləcə də gəncləri maraqlandıran sualları cavablandırıblar.
Çıxışlarda qeyd olunub ki, şanlı Aprel döyüşləri düşmənə Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, xalqımızın birliyini və torpaqlarımızın qaytarılması ilə bağlı qətiyyətimizi ən yüksək səviyyədə göstərərək, İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfərin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun döyüşlər zamanı göstərdiyi şücaət və iradə Ermənistan ordusunu sarsıdaraq düşməni birdəfəlik geri çəkilməyə məcbur etdi.
Sonda aprel döyüşlərindən bəhs edən qısametrajlı sənədli fim nümayiş olunub.